Ömər ibn Osman Kafiəddin
Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı – 1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır.
Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı:"Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur."
Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb.